24/04/2025
Halal olsun Azərbaycan gənclərinə 👍🏻👏🏻👏🏻
ABŞ-da təhsil alan azərbaycanlı tələbələr qondarma “erməni soyqırımı”nın anım günündə İkinci Qarabağ müharibəsi ilə bağlı ermənilərin lentə aldığı filmin nümayişinin qarşısını alıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Berkli Kaliforniya Universitetinin hüquq fakültəsində magistr təhsili alan Ceyhun Xəlilov sosial hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Aprelin 24-ü Berkli Kaliforniya Universitetinin hüquq fakültəsində qondarma “erməni soyqırımı”nın anım günündə İkinci Qarabağ müharibəsi ilə bağlı ermənilərin lentə aldığı filmin nümayiş etdirilməsi nəzərdə tutulurdu. Bunu görən kimi bazar ertəsi digər magistr tələbələri İnqilab Hüseynzadə və Murad Qurbanovla LLM Advising office-ə (universitetin magistr mərkəzi) yollandıq. Münaqişənin tarixi, 1905-ci ildən bəri Azərbaycan xalqının məruz qaldığı sistematik qırğınlar, BMT-nin 4 qətnaməsi, Xocalı soyqırımı və ən əsası hazırda davam edən sülh danışıqlarından söz açdıq. Bu tədbirin Azərbaycanı birbaşa soyqırımda günahlandırdığını diqqətlərinə çatdırdıq. Əlavə olaraq, tədbirin təsviri hissəsində "arts**h" sözünün işlədilməsinin bizim ərazi suverenliyimizə birbaşa zidd olduğunu bildirdik.
Növbəti gün Advising office-in rəhbəri hər üçümüzü şəxsən qəbul edərək uzun müzakirə apardı. Qeyd etdi ki, hətta tədbir kifayət qədər "offensive" də olsa, insanların sağlamığı üçün ciddi təhdidlər də olsa, bütün deyilənlər yalan da olsa, ABŞ Konstitusiyasının 1-ci əlavəsinə əsasən, heç kimin tədbiri ləğv etmək hüququ yoxdur. Bu halda biz də Azərbaycana qarşı baş verən qırğınlar, habelə Vətən müharibəsi dövründə Gəncə və Bərdəyə olan hücumlarla bağlı stend açmaq istədiyimizi dedik.
Nəticədə, əvvəlcə, qondarma qurumun tarixin ən qaranlıq nöqtəsinə göndərilmiş adı silindi. Direktor müavini isə bildirdi ki, tədbir başlamazdan əvvəl özü şəxsən təkzib verərək bu tədbirin qondarma hadisələrin anım gününə heç bir aidiyyəti olmadığını bildirəcək.
Və bu gün, artıq tədbir ləğv edildi. Ola bilsin, onlar bu filmi başqa vaxt başqa yerdə nümayiş etdirəcəklər, bizim də bunun qarşısını almağa gücümüz çatmayacaq. Amma bu gün qarşısını ala bildik”.