01/05/2019
Uşaqlıq boynunun eroziyası
Uşaqlıq boynunun eroziyası qadın cinsiyyət üzvlərində, ən çox təsadüf edilən ginekoloji xəstəliklərdən biridir. Hərfi mənada ifadə etsək, eroziya - uşaqlıq boynunun selikli qişasının xoşxassəli dəyişikliyindən ibarətdir. Ancaq müalicə olunmadığı təqdirdə, eroziya çox təhlükəli xəstəlik olan uşaqlıq boynunun xərçənginə çevrilə bilər.
Uşaqlıq boynunun eroziyası əksər hallarda özünü heç bir əlamətlə büruzə vermir və yalnız ginekoloq tərəfindən profilaktik tibbi müayinə zamanı aşkar edilir. Bəzi hallarda eroziyası olan qadınlarda cinsi əlaqə zamanı və ondan sonra qan qarışıqlı ifrazatın və ağrının olması, cinsi yollardan ifrazatın artması və s. əlamətlər müşahidə edilə bilər. Bu əlamətlərdən hər hansı birinin olduğu halda isə, ginekoloqa müraciət etmək vacib hesab edilir.
Uşaqlıq boynunun eroziyasının inkişaf etməsinə müxtəlif infeksiyalar səbəb olur. Bu infeksiyaların bəziləri qadın cinsi yollarında daimi olaraq yaşayır (stafilo-koklar, streptokoklar və s.), bəziləri buraya bağırsaqdan keçir (bağırsaq çöpləri), digərləri isə qadın cinsi əlaqə zamanı (ureaplazma, mikoplazma, xlamidiyalar və s.) yoluxa bilir. Bütün bu infeksiyalar və mikroblar üçün müvafiq münbit şərait yarandıqda (qadının immunitetinin zəifləməsi, hormonal patologiyalar nəticəsində uşaqlıq boynu seliyinin tərkibinin pozulması, uşaqlıq yolunun disbakteriozu, qadın cinsi orqanlarının iltihabi xəstəlikləri və s.), onlar sürətli şəkildə artaraq sözün əsl mənasında uşaqlıq boynunun selikli qişasını “yeyirlər”. Digər halda, abortdan (süni uşaqsalma), doğuşdan, kobud cinsi əlaqələrdən sonra uşaqlıq boynu zədələnir, onun selikli qişasında çatlar, zədələnmə sahələri əmələ gəlir ki, bu da sonradan həmin yerdə eroziyanın yaranmasına səbəb olur.