21/02/2026
Son illər səhiyyə sistemində aparılan əsaslı islahatlar, səhiyyə idarəçiliyi və maliyyələşməsinin yeni müasir konsepsiyalara uyğun formalaşdırılması, ən qabaqcıl beynəlxalq təcrübədən istifadə sayəsində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsində, həmin xidmətlərin əlçatanlığının təmin edilməsində, həmçinin səhiyyənin maddi-texniki təchizatında, onun qanunvericilik bazasının möhkəmləndirilməsində əhəmiyyətli rol oynamışdır
Səhiyyə sektorunun vətəndaşlarımızın sağlamlığının təmin edilməsindəki əvəzedilməz rolunu nəzərə alaraq, ölkəmizin səhiyyə və tibb sektorunda beynəlxalq və milli standartların təbliğinə səhiyyə və tibb təşkilatlarında keyfiyyət və idarəetmə sistemlərinin effektiv fəaliyyətinə töhfə və dəstək vermək məqsədilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi 2023-cü ildə “Səhiyyə və tibb müəssisələrində keyfiyyət infrastrukturunun yaradılmasına dəstək” layihəsinə start verilmişdir. Layihə ,,Özəl Tibb Müəssisələri Assosiasiyası,, ictimai birliyinin aktiv təşkilati dəstəyi ilə həyata keçirilir .Bu layihə çərçivəsində “ISO 7101:2023 Səhiyyə təşkilatının idarə edilməsi - Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri - Tələblər” adlı beynəlxalq standart Azərbaycan dilinə tərcümə edilmiş və cari ilin əvvəlindən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə dəstəyi ilə qeyd olunan standartın tətbiqi üzrə məsləhət xidmətlərinin göstərilməsi üzrə işlərə başlanılmışdır.
Hazırda Mediland Hospital, Bioloji Təbabət Klinikası, OKI Hospital, Ellab Diagnostic, MedLife, Alliance Clinic kimi aparıcı tibb müəssisələrini əhatə edəcək ISO 7101 standartının tətbiqi üzrə məsləhət layıhəsinin icrası zamanı Keyfiyyət Assosiasiyası və “Texniki Uyğunluğun Verifikasiyası – TUV” MMC tərəfindən həmin tibb müəssisələrində mövcud keyfiyyəti idarəetmə sistemlərinin ilkin qiymətləndirilməsinin aparılması (gap analiz), standartın tələblərinə uyğun fəaliyyət planlarının tərtib edilməsi, rəhbər heyət və məsul əməkdaşlar üçün təlimlərin keçirilməsi, daxili prosedur və qaydaların hazırlanmasına metodiki dəstəyin göstərilməsi, sənədləşmə sisteminin qurulması və təkmilləşdirilməsi istiqamətində praktiki tövsiyələrin verilməsi nəzərdə tutulur.
📌 Biz Özəl Tibb Müəssisələri Assosiasiyası olaraq keyfiyyət yönümlü səhiyyə sisteminin inkişafını dəstəkləməyə davam edəcəyik.