29/09/2015
SKOLİOZ- – onurğanın yanlara doğru əyilməsi olub, vertikal ox ətrafında burulmasına (torsiya) deyilir. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır, bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur. Skolioz xəstəliyinin (əyilmə bucağı 10 dərəcədən artıq) ümumi yayılma tezliyi 2–3% təşkil edir, 6–14 yaşlı uşaqlar arasında 0,5%, 12–14 yaşlı yeniyetmələr arasında isə 1,2% təşkil edir.
Yeniyetməlik dövrünün idiopatik skolizu ən çox 10-14 yaş dövründə təsadüf edilir, xəstəlik oğlan uşaqlarına nisbətən qız uşaqlarında daha çox müşahidə olunur. İdiopatik skolioz adı bu günə qədər xəstəliyin əmələ gəlmə səbəbinin məlum olmamasına görə verilmişdir.
Simptomlar
Bu xəstəlik zamanı əksər uşaqların heç bir şikayəti olmadığına görə, xəstəlik əsasən nəzərəçarpacaq deformasiya olduqda aşkar edilir.
Xarici görünüşə görə aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır:
Bir çiyin və ya bud – çanaq oynağı digərindən yuxarıda yerləşir
Bir kürək sümüyü digərindən yuxarıda yerləşə bilər
Önə doğru əyildikdə bu əlamətlər daha çox nəzərə çarpır
Deformasiyanın qabarıq tərəfində “qabırğa donqarlığının” əmələ gəlməsi
Bir qol digərindən uzun görünür
Bel nahiyəsində yerləşən üçbucaqların assimetrikliyi
Rentgenoqrammalara əsasən həkimlər skoliotik deformasiyaları dərəcələrlə ifadə edirlər. Buna əsasən 4 dərəcədə skolioz ayırd edilir:
I dərəcəli – 0 - 10º dərəcə
II dərəcəli – 11 - 30º dərəcə
III dərəcəli – 31 - 60º dərəcə
IV dərəcəli – >61º dərəcə (sağ tərəfdəki şəkilə bax)
Yeniyetməlik idiopatik skoliozunda onurğa sütununun deformasiyası uzun müddət stabil qala bilər. Bəzi hallarda isə xəstəlik çox tez proqressivləşir.
Buna görə də bu patologiyası olan uşaqlar daim həkim nəzarətində olmalı, periodik olaraq rentgen müayinəsindən keçməlidirlər. Yalnız bu zaman xəstəliyin proressivləşməsini vaxtında aşkar etmək mümkündür.
Müalicə
Deformasiya 40 dərəcədən yüksək deyilsə xəstəliyin konservativ müalicəsi aparılır. Fizioterapiya və müalicəvi bədən tərbiyəsi əzələ korsetini möhkəmlədir, ürək-damar sisteminin və ağciyərlərin fəaliyyətini yaxşılaşdırır. Üzgüçülük bu xəstəlik zamanı ən faydalı idman növlərindən biri hesab olunur. Ağırçəkili idman növləri isə əks göstərişdir.
Əgər onurğa sütununun deformasiyası 25–40 dərəcə arasındadırsa, xəstənin potensial boyu saxlanılarsa və əyriliyin artma ehtimalı varsa, o zaman sərt korset vasitəsilə fiksasiyadan istifadə olunmaqla müalicə aparılır. Xəstənin korseti hər gün geyinməsi vacib məqamlardan biridir. Skolioz əksər hallarda onurğa sütununun bir neçə şöbəsini əhatə edir. Buna görə korset seçimində bütün onurğanın fiksasiyası nəzərə alınmalıdır.
Cərrahi müalicə
Əksər hallarda idiopatik skoliozun yeganə müalicə metodu cərrahi əməliyyat hesab olunur. Əməliyyata göstərişlər:
Onurğa sütununun proqressivləşən deformasiyası. Əgər deformasiya dərəcəsi 40–45 dərəcəni aşarsa cərrahi əməliyyatın aparılması təklif edilir. Yox əgər deformasiya dərəcəsi >60 olarsa onda cərrahi əməliyyatın aparılması zəruri hesab olunur. Çünki bu tip deformasiyalar döş qəfəsinin həcminin azalmasına səbəb olur, ürək- damar sistemi və ağciyərlərin fəaliyyəti pozulur. Aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, vaxtında aparılmış operativ müdaxilədən sonra ağciyər və ürək – damar sisteminin fəaliyyəti tamamilə normaya düşür. 20 yaşdan sonra isə hətta deformasiyanı tam olaraq aradan qaldırdıqda belə ürək – damar sisteminin normal göstəricilərini bərpa etmək praktiki olaraq mümkün deyil. 100 dərəcədən yuxarı deformasiyalar həyat üçün çox təhlükəli hesab edilir.
Eyni zamanda heç bir müalicəyə tabe olmayan ağrı sindromu da əməliyyat üçün göstərişdir.
Bəzi hallarda pasiyent əməliyyat üçün birbaşa göstərişlər olmadıqda belə cərrahi müdaxilə oluna bilər. Belə ki, nəzərə çarpan kosmetik deffekt pasiyentin həyat keyfiyyətini pisləşdirir, əmək qabiliyyətini məhdudlaşdırır. Bu çatışmazlıqları aradan qaldırmaq üçün isə cərrahi əməliyyat aparılır.
Skolioz zamanı aparılan cərrahi əməliyyatın məqsədləri:
Onurğa sütunu deformasiyasının aradan qaldırılması
Skoliozun proqressivləşməsinin qarşısının alınması
Onurğa beyni və sinir köklərinin kompressiyasının qarşısının alınması.