03/03/2022
Hər il martın 3-ü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsis edilmiş “Beynəlxalq Qulaq və Eşitmə Günü” kimi qeyd olunur.
Beynəlxalq Qulaq və Eşitmə Gününün keçirilməsində əsas məqsəd ölkənin tibbi və könüllü təşkilatları ilə birlikdə eşitmə problemləri barədə və onların həlli istiqamətində əhalini maarifləndirməkdir. ÜST ona üzv olan ölkələrə qulaq və eşitmə xəstəliklərinin müalicə və profilaktikası üzrə milli proqramların hazırlanması və həyata keçirilməsində hərtərəfli dəstək göstərməsinə hazırdır. Eşitmə qabiliyyətinin itirilməsi bu gün dünyada əlilliyin ən geniş yayılmış formalarından biridir. ÜST-nin hesablamalarına görə karlıq və eşitmə qabiliyyətinin pozulmasından təxminən 360 milyon insan əziyyət çəkir. Karlıq və ağıreşitmənin əsas səbəbləri genetik pozuntular, qulağın xroniki infeksiyaları zamanı yaranan ağırlaşmalar, bir sıra keçirilən xəstəliklər - qızılca, məxmərək, parotit, menengit və sairə, həmçinin, bəzi dərman preparatlarının təsiri və ətraf - mühitin ziyanlı faktorlarıdır. Həkimlərin mülahizələrinə görə karlığın və eşitmənin digər fəsadlarının yaranma səbəblərini aradan qaldırmaqla onların ağırlaşmasının qarşısını yarıya qədər azaltmaq olar. Qarşısı alınan tədbirlər sırasına əhalinin immunizasiyası, ana və körpə sağlamlığının mühafizəsi və əmək gigiyenasının təmin olunması daxildir. Xüsusilə, uşağın qulağına çirkli suyun daxil olmasının qarşısını almaq, uşağın qulaqlarına zərbə endirməmək və uşaqlara yad cisimləri qulaqlarına salmamağı öyrətmək tövsiyə olunur. Bu hallar baş verdikdə və hər hansı bir problemlər müşahidə olunduqda dərhal həkimə müraciət etmək lazımdır.