01/12/2025
1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günüdür
Dünyada QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) qarşı aparılan mübarizəyə baxmayaraq, infeksiyanın yayılması hələ də davam edir. Azərbaycanda isə bu infeksiya əsasən yoluxma riski yüksək olan qruplar arasında daha çox müşahidə olunur.
QİÇS-ə yoluxma əsasən qorunmasız cinsi əlaqə, infeksiyalaşmış qanın köçürülməsi, istifadə olunmuş iynə və digər kəsici-deşici alətlərin paylaşılması, həmçinin QİÇS pozitiv anadan körpəyə ötürülmə (doğuş zamanı və ya ana südü vasitəsilə) nəticəsində baş verir. Bu hallarda virus qan, sperma, vaginal ifrazat və ya ana südü kimi bədən mayeləri ilə selikli qişalara, zədələnmiş dəriyə və ya birbaşa qan dövranına daxil olaraq infeksiyaya səbəb olur.
Qeyd edilməlidir ki, gündəlik sosial təmas, qucaqlaşma, eyni qab-qacağın istifadəsi, qida və ya hava-damcı yolu ilə İİV-ə yoluxma mümkün deyil.
İİV-dən qorunmaq üçün əhaliyə tövsiyə olunur:
▪️İİV statusu məlum olmayan partnyorlarla cinsi əlaqədə olarkən, daimi və düzgün qaydada qorunmaq;
▪️tibbi və kosmetik xidmətlərdən istifadə edərkən steril alətlərin tətbiqinə diqqət yetirmək;
▪️iynə və kəsici-deşici alətlərin paylaşılmasından çəkinmək;
▪️hamiləlik planlaşdırıldıqda və hamiləlik dövründə İİV müayinəsindən keçmək;
▪️mütəmadi olaraq könüllü və gizli İİV skrininq test xidmətlərindən yararlanmaq.
Tibb işçiləri üçün vacib məlumat
İİV-in ötürülməsi ilə bağlı artan qlobal risklər fonunda tibb müəssisələrində təhlükəsizlik tədbirlərinə ciddi əməl olunması xüsusi əhəmiyyət kəsb edir. Tibb işçiləri, xüsusilə də kəsici-deşici alət və ya bədən mayeləri ilə təmas riski yüksək olan ixtisas mütəxəssisləri üçün infeksiyadan qorunma tədbirləri prioritet olmalıdır.
Tibb işçilərinə tövsiyə olunur:
• pasiyentlərlə işləyərkən standart ehtiyat tədbirlərinə riayət etmək;
• qan və digər bədən mayeləri ilə təmas zamanı (prosedurdan asılı olaraq) əlcək, qoruyucu eynək, maska və digər fərdi qoruyucu vasitələrdən istifadə etmək;
• Tibb müəssisələrində kəsici-deşici alətlərin təhlükəsiz toplanması üçün təhlükəsizlik qutularından istifadə olunması;
• Deşici-kəsici tibbi alətlərlə davranış nəticəsində yaralanma (incident) baş verdiyi halda dərhal hadisə barədə məlumat vermək və “Qan və bədən mayeləri ilə təmas ehtiva edən insidentlərin idarə olunması haqqında Təlimat”a uyğun olaraq vaxtında tibbi yardım almaq;
• Təkrar istifadə olunan alət və avadanlıqların dekontaminasiyası, həmçinin çirkli çamaşırların toplanılması və daşınması prosedurlarında TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarət şöbəsi tərəfinən hazırlanaraq İcraçı direktorun imzası ilə TƏBİB tabeli tibb müəssisələrinə göndərilmiş müvafiq təlimatlara peşəkar səviyyədə riayət etmək.
Unutmayaq ki, tibb işçilərinin təhlükəsizliyi əhalinin ümumi sağlamlığı üçün vacib zəncir halqasıdır. Bu səbəbdən həm tibb müəssisələrinin rəhbərliyi, həm də səhiyyə işçiləri gigiyenik qaydalara və təhlükəsizlik tədbirlərinin tətbiqinə xüsusi diqqət yetirməlidirlər.