13/06/2022
Skoliozun inkişafı daha erkən vaxtlara - körpənin ana bətnində olduğu dövrlərə təsadüf edə bilər. Dölün uzun müddət qeyri-normal vəziyyətdə qalması (dölün köndələn vəziyyəti, sağrı gəlişi, sürətləndirilmiş doğuşlar, doğuş yollarında dölün ləngiməsi və s.), südlə əmizdirmə zamanı körpənin düzgün tutulmaması, körpənin iməkləməmiş yeriməyə başlaması skoliozun ilk risk faktorlarıdır. Sadaladığımız vəziyyətlərdə ənsə sümüyü, gicgah sümüyü, birinci boyun fəqərəsi, oma sümüyü, çanaq sümüklərində sümükdaxili patoloji gərginliklər yaranır. Sümüklər böyüməyə başladıqda bu gərginlik nahiyələri sümüyün quruluşunda deformasiyalara səbəb olur. Bir çox valideynlər "zamanla skolioz düzələr" deyə problemi ciddiyə almır. Qabırğa qövsünün birinin digərinə nisbətən daha qabarıq olması, kürək sümüklərinin qeyri-bərabər yerləşməsi, çanaq sümüklərinin asimmetriyası təkcə zahirdən p*s görünməklə yanaşı, daxildən də ciddi fəsadlara səbəb olur.
Bunlara vaxtında müdaxilə olunmazsa, yaş artdıqca skolioz müxtəlif ağırlaşmalara yol açmış olacaq:
- Protruziya, fəqərəarası disk yırtıqları;
- Aritmiyalar, ürək nahiyəsində ağrı;
- Ağ ciyər problemləri (ağ ciyərin xroniki obstruktiv xəstəlikləri);
- Süd vəzi ölçülərində fərq;
- Mədə bağırsaq problemləri (disbakterioz, kolit, qəbizlik, bağırsaqlarda spazm və s.);- Diafraqma ilə əlaqəli problemlər (təngnəfəslik);
- Çanaqda durğunluqla əlaqəli cinsi pozulmalar, ağrılı menstruasiyav;
- Əzələ ağrıları, baş ağrıları, daimi yorğunluq kimi hallar yaranır və uzunmüddətli, müxtəlif çətin müalicə olunan xəstəliklərlə mübarizə aparılır.
Skoliozun müalicəsində ən yayılmış və effektiv metod fizioterapiyadır. Müalicəvi idman və müxtəlif növ korsetlərin qamət düzlənməsində köməyi effektiv olsa da, müasir tibbin imkanları bununla məhdudlaşmır. Bu gün skoliozun müalicəsində fizioterapiyanın köməkçi metodlarının rolu əvəzolunmazdır. Onun köməkliyi ilə maddələr mübadiləsi və qan dövranının sürətlənməsi, toxumaların qanla təchizatının gücləndirilməsi, iltihabi proseslərin aradan qaldırılması və əzələ tonusunun artırılmasına (skolioz zamanı kürək əzələlərinin bir tərəfi daima gərgin və güclü,digər tərəf isə atrofiyaya uğradığından zəifləmiş) nail olmaq mümkündür. Fizioterapevtik müalicə və müalicəvi idman onurğa və əzələlərə düşən yükün doğru paylanmasına köməklik göstərir.