08/11/2025
Bakı Sağlamlıq Mərkəzində şanlı Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirin qonaqları arasında şəhid ailələrinin üzvləri, Vətən müharibəsi dövründə Mərkəzimizdə müayinə, müalicə, əməliyyat və reabilitasiyaları icra olunan qazilərimiz yer alıb. Tədbir Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Bakı Sağlamlıq Mərkəzinin şəhid və qazi ailə üzvü olan, həmçinin müharibə veteranı əməkdaşlarının da iştirak etdiyi bu tədbir Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənovun açılış nitqi ilə davam edib. Asiman Həsənov 2020-ci ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirib. Zəfərimizin 5-ci ildönümü münasibətilə hərbi paradın Bakıda keçirilməsinin xalqımızın qüdrətini, ordumuzun rəşadət və hünərini bir daha nümayiş etdirdiyini diqqətə çatdırıb. Xalqımızın müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsinin artıq dövlətimizin bir rəmzinə çevrildiyini vurğulayıb.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafa bu Qələbənin xalqımızın milli birliyi və azadlıq iradəsinin təntənəsi olduğunu, Ordumuzun göstərdiyi qəhrəmanlığın isə gələcək nəsillər üçün nümunə təşkil etdiyini bildirib.
Tədbirdə çıxış edən Bakı Sağlamlıq Mərkəzinin Travmatologiya və Ortopediya şöbəsinin müdiri Sənan Aşırov 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb. Sənan Aşirov Ali Baş komandan İlham Əliyevin qətiyyəti və uğurlu siyasəti, Ordumuzun şücaəti və xalqımızın birliyi nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini deyib. Şöbə müdiri müharibə zamanı mərkəzdə 500-ə yaxın qazinin müalicə aldığını, özünün isə 100-dən artıq əməliyyat icra etdiyini qeyd edib.