02/12/2017
Uşaqların gec danışması nədən irəli gəlir?
Danışmaq, ünsiyyət qurmaq insanın sosial həyatında önəmli proseslərdəndir. Səlist danışıq, aydın dil hər kəs tərəfindən xoş qarşılandığı halda kəkələmək, fikrini izah edə bilməmək, ən p*s halda isə danışa bilməmək insanlar arasında elə də xoş qarşılanmır. Belə insanlar hər zaman ətrafdakılar tərəfindən “yazıq”, “bəxti gətirməyən” adlandırılırlar.
Elə buna görə də körpənin dil açması valideynləri tərəfindən böyük bir sevinclə qarşılanır. Əksər ailələr isə uşaqlarının danışmaq ərəfəsində onların sadəcə susub baxmasını izləyirlər. Lakin hər susan uşaq sonuna kimi danışmayacaq, yaxud dilində qüsuru olacaq demək deyil. Vaxtında nəzarət olunan və aşkarlanan problemləri aradan qaldırılan uşaqlar gələcək həyatlarında da maneələrlə üzləşmirlər.
Nevroloji səbəblər, uşaqlarda anadan gəlmə spastik xəstəliklər, autizm uşaqların gec dil açmasına səbəb olur. Əsasında isə sinir sistemindəki pozğunluqlar durur. Menengit, zədə, damar mənşəli xəstəliklər, əzələ xəstəlikləri, beyinə təsir edən infeksiyalar da uşaqlarda dil və danışma pozuqluğuna səbəb olur.
Dəqiq olaraq bir yaş deyə bilmərik ki, bu yaşda uşaq mütləq danışacaq. Danışma yaşı uşaqdan-uşağa dəyişən bir prosesdir. Elə uşaq var ki, onlar 4-5 yaşlarında dil açır və heç bir dil problemi olmadan rahat fikrini izah edə bilir. Bəzi uşaqlar çox gec, bəziləri isə çox tez danışa bilərlər. Gec danışmaq o demək deyil ki, uşağın ya beynində, ya da hər hansı bir orqanında problem var. Sadəcə, müəyyən faktorlara diqqət yetirmək lazımdır. Müşahidə əsnasında uşaqda başqa problemlərin olub-olmamasını valideynlər özləri aşkar edə bilərlər. Bəzən gec danışan uşaqlarda bunun səbəbi onların sinir sistemlərində olan hər hansı bir pozuntu ilə bağlı olur. Belə uşaqlar da bir müddət sonra dil açır və yaşıdları ilə müqayisədə çox yaxşı danışırlar.
Uşaqlar ilk 6 ayından etibarən səslər çıxarmağa, bir növ danışmağa çalışırlar. 12-ci ayına gələndə isə artıq sadə və deyilməsi rahat olan sözləri deməyə cəhd edirlər. 18-ci ayından sonra sərbəst cümlə qurmağa başlayan körpələr bundan sonrakı digər aylarda danışıqlarını hər ay bir az daha inkişaf etdirirlər. Mütəxəssislər bildirir ki, uşaqların vaxtında dil açması onlar üçün faydalıdır. Çünki vaxtında dil açan uşaqların zəka və öyrənmə prosesləri daha sürətli inkişaf edir. Gecikən danışıq uşaqların zəka və sosial inkişafını da zədələyir.
12-ci ayından sonra hələ də səs çıxarmayan, danışmağa cəhd etməyən uşaqları valideynlər ciddi nəzarətə götürməlidir. Uşaq başa düşülməyən səslər çıxarırsa, istədiklərini aqressiv formada izah etməyə çalışırsa, yeni mühitə alışmaq onlar üçün çox çətin olursa, ona göstərilən əşyalara qarşı biganədirsə, gələn səslərə qarşılıq vermirsə, artıq həkimə müraciət etmək lazımdır. Müayinə və laboratoloji testlərdən sonra səbəblər aşkarlanır və bu istiqamətdə tədbirlər görülməyə başlanılır.
Uşaqların gec danışması, nitqində qüsurların olmasının əsas səbəblərindən biri də ailədə uşaqlarla ünsiyyətin qurulmamasıdır. Mütəxəssislər məsləhət görür ki, uşaqlar danışdıqda onu diqqətlə dinləmək lazımdır, danışdığı önəmsiz olsa belə. Çünki uşaq ona ciddi yanaşıldığını görəndə danışma həvəsi yaranır ki, bu da nitqin inkişafına müsbət təsir edir.