07/10/2015
Sevgi münasibətlərində yaş fərqi.
Sevgi münasibətində yaş fərqi hər zaman maraq doğuran məsələlərdən biridir.
Aralarında yaş fərqi çox olan məşhur insanların,eyni zamanda qeyri məşhurların münasibətləri daima əsas müzakirə obyekti olduğuna görə ictimai reaksiya da bir mənalı olmur. Cütlüklərin belə düşünməsinə isə adətən “Əhəmiyyətli olan sevgidir”, "Sevdikdən sonra yaş fərqi problem olmaz!" və. s kimi fikirləri təsir edir.
İnsanlar münasibət qurmağa və ailə qurmağa yalnız yaş məfhumu üzərindən qərar verməzlər. Həyatdan gözləntiləri, ehtiyacları və bəslədikləri duyğular bu müddətdə daha prioritet olur.
Bəs yaşın münasibətlərdə ve evlilikdə əhəmiyyəti nə qədərdir ?
Evlilikdə uyğunlaşmanın və tarazlığın təmin edilə bilməsi üçün şəxsiyyət qədər yaş da əhəmiyyətlidir. Yaş mövzusunda psixo-ictimai inkişaf dövrləri əsas götürülə bilər. Biri gənclik, biri orta yaşlılıq dövründə olan bir cütlüyü, fiziki və ruhi balanssızlıqlar gözləyə bilər.
Cütlüklər aralarındakı böyük yaş fərqinə baxmayaraq nə qədər bir-birini dəlicəsinə sevsələr də,bu çox ciddi problemlərə səbəb ola bilir. Münasibətin başlanğıcında yaranan həyəcanın təsirindən münasibətin digər mərhələləri düşünülmür. Lakin o ilk həyəcan durulmağa başladıqda və gerçəklər yavaş-yavaş su üzünə çıxdıqda, problemlər də ard-arda gəlməyə başlayır. Hər münasibətdə problemlər yaşana bilər,amma yaş fərqinin çox olduğu münasibətlərdə vəziyyət bir qədər daha fərqli olur.
Belə bir vəziyyətdə fiziki, ruhi və cinsi uyğunlaşma mövzularında çətinliklər baş qaldırır .
Öncə böyük yaş fərqli cütlüklərin yaşadığı problemlərdən əvvəl niyə bu addımı atdıqlarına nəzər salaq .
Gənc qadınlar niyə özlərindən yaşca böyük kişilərlə birlikdə olur?
Bu mövzu ilə əlaqədar edilən araşdırmalarda gənc qadınlardan seçdiyi yaşca böyük kişinin ən ideal xüsusiyyəti soruşulur. Gənc xanımların əksəriyyəti yaşca böyük kişiləri maddi imkanlarından, karierasından, cəmiyyətdəki statusundan və ya şöhrətləri səbəbindən seçdikləri bildirilir. Digər bir qism isə həyat təcrübəsindən dolayı seçim etdiklərini söyləyirlər. Çox az sayda cütlük isə bu fərqi problem etməyib, "əhəmiyyətli olan sevgimizdir" -deyə həyatlarına davam edir.
Digər bir mühüm psixoloji səbəb isə:
Yaşca böyük bir kişi ilə sevgisi üçün birlikdə olduğunu söyləyən gənc qızların,əslində uşaqlıq və gənc qızlıq dövrlərində atadan sevgi və isti münasibət görmədiyi faktları aşkarlanır. İllər sonra özündən yaşca böyük birindən maraq görən gənc qız, bu kişiyə qarşı sıx duyğular hiss edir və bunu sevgi zənn edir. Halbuki,bunun psixoloji baxımdan adı sevgi deyil. Ata fiquruna aid duyğuların ata yerinə qoyulan birinə köçürülməsidir.
Həmçinin bəylərin özündən yaşca böyük xanımlarla münasibət qurmağa meyl etmələrinin kökündə yetəri qədər ana sevgisi almamaları və yaxud ,erkən yaşda analarını itirmələri,ondan uzaqda yaşamaları səbəb olur.
Böyük yaş fərqinə sahib cütlüklərin ümumi problemlərinə baxsaq onları aşağıdakı kimi qruplaşdıra bilərik:
1. Partnyora qarşı səbirsiz olma.
Partnyora qarşı səbirsiz olma problemi- əsasən yaş fərqi səbəbindən bir tərəfin indi keçirməkdə olduğu mərhələni digərinin çoxdan keçirmiş olmağıdır.
2. Partnyora qarşı ana və yaxud ata kimi davranma.
Tərəflərdən biri digərindən 10 ildən çox bir təcrübəyə sahib olarsa, digər tərəfin səhvlərini düzəltməyə çalışar ,yaxud da onu istiqamətləndirməyə başlayar.Nəticədə bir müddət sonra hər iki tərəf üçün problemli bir situasiya yaranar. Tərəflərdən biri bu proseslərdən keçmiş bir insan olaraq, situasiyaya uyğun necə davranacağını bilir və qarşısındakı, insana kömək etmək istəyir , lakin digər tərəf bunu qəbul etmir. Ümumiyyətlə sevgi münasibətlərində bir tərəfin qarşı tərəfi uşaq kimi görməyə başlaması və dayanmadan məsləhətlər verməsi bir müddət sonra bu münasibətin sonunu hazırlamış olur.
3. Yaş fərqi səbəbi ilə son sözü söyləmək istəyi.
4. Cinsi baxımdan yaranan problemlər və. s
Münasibətlərdə zaman-zaman narahatçılıqların yaşanması qaçılmazdır, lakin ailələrin dağılmasına gətirib çıxaracaq, yaxud da xoşbəxt sonluqla bitməyəcək bir münasibətin qarşısını almaq üçün öncədən böyük yaş fərqi kimi nüanslara diqqət etmək lazımdır .
Psixoloq: Fidan Azərqızı