28/11/2025
Azərbaycan Uşaqlıq Boynu Xərçəngindən Azad Gələcəyə Bir Addım Daha Yaxın!
“Uşaqlıq Boynu Xərçəngindən Azad Gələcəyə Doğru: Tədqiqatdan Tətbiqə” adlı milli seminarda səhiyyə mütəxəssisləri, dövlət rəsmiləri və təhsil işçiləri bir araya gələrək uşaqlıq boynu xərçənginin qarşısını almaqda təsdiqlənmiş vasitə olan HPV peyvəndini müzakirə etdi.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təşkil edilən seminarda Azərbaycanda uşaqlıq boynu xərçəngi üzrə cari vəziyyət və HPV peyvəndi ilə bağlı ÜST-nin son tövsiyələri təqdim edildi.
Tədbirin əsas məqamlarından biri kimi, HPV peyvəndi barədə tibb işçiləri, valideynlər və icma liderlərinin bilik və təsəvvürlərini öyrənmək məqsədilə keçirilmiş formativ tədqiqatın nəticələrinin təqdimatı oldu. Nəticələr göstərdi ki, tədqiqat iştirakçıları HPV peyvəndinə qarşı yüksək maraq və müsbət münasibət nümayiş etdirirlər, eyni zamanda peyvəndin təhlükəsizliyi və effektivliyi barədə bütün qruplarda məlumat və maarifləndirmənin artırılmasının vacibliyi vurğulandı.
Seminar iştirakçıları HPV peyvəndinin ölkə üzrə tətbiqi üçün hərtərəfli planın hazırlanması üzrə müzakirələrdə fəal iştirak etdilər.
Bu tədbir Azərbaycan Respublikasının uşaqlıq boynu xərçəngini aradan qaldırmaq və ÜST-nin Uşaqlıq Boynu Xərçənginin Eliminasiyası üzrə Qlobal Strategiyası və Avropa İmmunizasiya Gündəliyi 2030 ilə uyğunlaşmaq öhdəliyini əks etdirir.
Gəlin birlikdə qadınlar və cəmiyyət üçün daha sağlam bir gələcək quraq!