14/09/2020
Dərman vasitələrinin effektivliyi onların təlimatına uyğun düzgün saxlanmasından asılıdır. Dərmanlar düzgün saxlanmadıqda, saxlama müddəti bitmədən xüsusiyyətlərini itirə və ya orqanizmə zərər verə bilər. Buna görə də dərmanların saxlanma qaydalarına diqqət etmək lazımdır. Hər bir dərman vasitəsinin üzərində saxlanma şəraiti qeyd olunur. Əksər dərmanlar 15-25°C temperaturda, bəzi hallarda isə 15-30°C-də saxlanılır. Dərmanları soyuducuda saxlamaq olmaz. Soyuq şəraitdə saxlandıqda və ya dondurulduqda dərmanlar öz effektivliyini itirir. İstisna hallarda dərmanların qablaşdırmasının
üzərində və içlik vərəqələrində saxlanma şəraiti 2-8°C temperatur qeyd olunduqda,soyuducuda saxlanılması mütləqdir.
Dərmanları qutusunda ağzı bağlı, quru, təmiz, gün düşməyən və sərin şkaflarda saxlamaq lazımdır.
Soyuq hava şəraiti kimi günəş şüaları da dərmanın xüsusiyyətlərini dəyişə bilər.
Əksər istehsalçılar dərman vasitəsini şəffaf olmayan qablaşdırmada yerləşdirərək, onu günəşin zərərli şüalarından qoruyur.
Dərmanları rütubətdən qorumaq vacibdir.
Bir çox dərman vasitələri hiqroskopik olduğundan rütubəti tərkibinə çəkərək, keyfiyyətini itirir. Buna görə dərmanları quru yerdə saxlamaq lazımdır.