24/10/2025
Dərman vasitələrinin təqib və izləmə sisteminin tətbiqi ilə bağlı “Zeytun Pharmaceuticals” MMC-də görüş keçirilib
Dərman vasitələrinin idxal və istehsal mərhələsindən son istehlakçıya qədər olan dövriyyəsini real vaxt rejimində izləməyə imkan verən Dərman vasitələrinin təqib və izləmə sisteminin (Sistem) tətbiqi istiqamətində işlər davam etdirilir. Sistemin tətbiqinin genişləndirilməsi və tam şəkildə fəaliyyətə keçidi olaraq, 01 noyabr 2025-ci il tarixindən etibarən izləniləcək yeni dərman vasitələrinin siyahısı müəyyən edilib. Bu məqsədlə Mərkəz tərəfindən mütəmadi olaraq məlumat xarakterli görüşlər təşkil olunur.
Belə görüşlərdən biri 18 oktyabr 2025-ci il tarixində “Zeytun Pharmaceuticals” MMC-nin təşkilatçılığı ilə “JW Marriott Absheron”-da keçirilmişdir. Görüşdə Mərkəzin Dərman vasitələrinin təqib və izləmə şöbəsinin əməkdaşları və “Zeytun Pharmaceuticals” MMC-nin nümayəndələri iştirak ediblər. Görüş zamanı Mərkəzin əməkdaşları tərəfindən Sistem barədə ətraflı məlumat təqdim olunub, tətbiq prosesi, texniki tələblər, yeniliklər və təchizatla bağlı məsələlər izah edilib. Həmçinin, Sistemin praktiki istifadəsi ilə bağlı vacib məqamlar vurğulanıb, gələcəkdə həyata keçirilməsi planlaşdırılan tədbirlər barədə müzakirələr aparılıb.
Tədbir interaktiv müzakirə formatında davam edib. Şirkət nümayəndələri tərəfindən səsləndirilən suallar cavablandırılıb, irəli sürülən təkliflər qeydə alınıb.
Mərkəz tərəfindən belə maarifləndirici görüşlərin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.