31/08/2018
Herpes Zoster ophthalmicus
(herpes zosterin göz forması)
Xəstəliyin törədicisi – herpes zoster virusudur (su çiçəyi virusu). Göz orqanında bu xəstəlik virusun üçlü sinir şaxələrini, üçlü sinir qanqlionu və ya siliar (kirpikli cisim) qanqlionu zədələməsi nəticəsində baş verir. Herpes zoster ophthalmicus zamanı xəstəliyin klinik şəkli, simptomları herpes zosterin üçlü sinirin hansı şaxəsini və hansı qanqlionu zədələməsi səviyyəsindən asılı olaraq dəyişkən olur. Belə ki, üçlü sinirin I şaxəsi virusla zədələnərsə, iltihabi proses yalnız yuxarı göz qapağında, alın dərisində lokallaşacaq. Əgər üçlü sinirin II şaxəsi zədələnərsə, iltihab aşağı göz qapağını əhatə edəcək. Bəzən hər iki şaxə eyni vaxtda yoluxa bilər. Əgər nasociliar şaxə (burun kirpikli cisim sinir şaxəsi) zədələnsə iltihab buynuz qişa və qüzehli qişanı əhatə edəcək. Qeyd etmək lazımdır ki, iltihabi proses həmişə üzün bir yarısında lokallaşır və orta xətdən digər tərəfə keçmir.
Kliniki əlamətləri - üçlü sinirin şaxələri boyu anesteziya (keyimə) və ağrı ilə xarakterizə olunur. Bədən hərarəti yüksəlir, titrəmə, baş ağrısı olur. Buynuz qişa və qüzehli qişa zədələnərsə, işıqdan qorxma (fotofobiya), blefarospazm, gözün sulanması kimi şikayətlər də qoşulur. Yerli əlamətlərdən göz qapağı dərisində hiperemiya (qızartı), şişkinlik, içərisində sulu möhtəviyyat olan xırda qovuqcuqlar olur. Bu qovuqcuqlar tez quruyaraq qabıq əmələ gətirir. Bəzən qovuqcuqlar bir-biri ilə birləşərək irinli, hemorragik, qanqrenoz xarakterli daha iri ocaqlar yarana bilər. Belə ocaqların yerində adətən depiqmentləşmiş çapıqlar qalır. İltihabi proses geniş sahəni əhatə edərsə, o halda sağalma dövründə postherpetik nevralgiyanın əmələgəlmə riski artır. Bu hal 70 yaşdan yuxarı xəstələrin 75%-də müşahidə olunur. 6 aydan – 5 ilə qədər davam edə bilər. Postherpetik nevralgiya yaşlı pasiyentlərdə həyat keyfiyyətinə təsir edir, hətta depressiya yaradır.
Herpes zoster ophthalmicus əsasən yaşlı şəxslərdə müşahidə olunur. Uşaq və ya 50 yaşdan cavan şəxslərdə baş verərsə immun çatışmazlığı halı və ya bədxassəli törəmələr inkar olunmalıdır. Xəstəliyə yoluxmuş insanlar su çiçəyi keçirməmiş insanlar (qeyri-immun şəxslər) üçün təhlükəli ola bilərlər. Buna görə də kəmərvari dəmrovlu xəstələr qovuqcuqlar tam quruyub, qabıq əmələ gətirənə qədər sağlam insanlardan təcrid olunmalıdırlar.
Müalicə əsasən virus əleyhinə və simptomatik müalicə şəklində aparılır.