23/10/2025
Ərəbşalbaş kəndində sakinlərin tibbi müayinəsi həyata keçirilib
Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkim və tibb işçilərindən ibarət briqadanın iştirakı ilə Qobustan rayonu Ərəbşalbaş kənd sakinlərinin tibbi müayinəsi həyata keçirilib.
Keçirilən səyyar həkim qəbulunda infeksionist, oftalmoloq, laborant, terapevt, pediatr və ginekoloq kimi müxtəlif ixtisaslı həkimlər iştirak ediblər. Kənd sakinləri tibbi müayinələrdən keçib, aparılan yoxlamalar əsasında onlara uyğun müalicələr təyin olunub.
Tibbi müayinələr zamanı 50-dən çox vətəndaşa 100-dən çox tibbi xidmət göstərilib. Bütün xidmətlər icbari tibbi sığorta çərçivəsində təqdim olunub.
Eyni zamanda "Analar Məktəbi" layihəsi çərçivəsində Ərəbşalbaş kəndində və digər kəndlərdə hamilələrin maarifləndirilməsi tədbirləri davam etdirilir. Bu tədbirlər zamanı gələcək analara hamiləlik dövründə sağlam həyat tərzi, düzgün qidalanma, ana və uşaq sağlamlığı mövzusunda faydalı məlumatlar verilir.
Qeyd edək ki, tibbi müayinələrin əsas məqsədi ahıl və həssas qruplara daxil olan əhalinin tibbi xidmətə əlçatanlığını təmin etmək, TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işləri aparmaqdır.